2018-02-14
Vilnüsdə Qara Qarayevin 100 illiyinə həsr edilmiş konsert keçirilib

Litvanın paytaxtı Vilnüs şəhərində Qara Qarayevin anadan olmasının yüz illiyinə həsr edilmiş konsert proqramı təşkil olunub 

Azərbaycan Respublikasının Litvadakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbirdə çıxış edən Azərbaycanın Litvadakı müvəqqəti işlər vəkili Atəş Qırxıyev dünya şöhrətli Azərbaycan bəstəkarının yubileyinin dünyanın bir çox ölkələrində olduğu kimi, Litvada da qeyd edildiyini bildirib, ölməz bəstəkarın həyat və yaradıcılığı haqqında danışıb.


Litva Musiqi və İncəsənət Akademiyasının dosenti Yudita Leitaite və Balys Dvarionas Musiqi Məktəbinin direktoru Laimute Ujkuraitienenin dəstəyi ilə təşkil olunan konsert proqramında Q. Qarayevin əsərləri ilə yanaşı, Azərbaycan musiqi və mahnı nümunələri də səslənib. Dahi bəstəkarın “Altı pyes” silsiləsindən “Kiçik hekayə”, “Usandırıcı fikir”, “Dağlarda”, “Unundulmuş vals” həmçinin “Kiçik vals”, “Pavana” əsərləri, skripka və fortepiano üçün sonatina, süita və kantatalarından nümunələr Yuriyus Suxanovas (fortepiano) Yoris Yuşka (skripka), Fatima Sapranaviciute (skripka), Ulyana Cvirkaite (fortepiano), Kamilla və Elqar Musayevlər (fortepiano), Birute Aseviçiute (fortepiano), Paulina Daukşite (skripka) tərəfindən məharətlə ifa edilib.
Konsertin aparıcısı Litvanın tanınmış müğənnisi Yudita Leitatite ustalıqla Azərbaycan və  Litva mahnılarını səsləndirib.
Q. Qarayevin 100 illik yubileyinə həsr olunmuş tədbirlərin Litvanın digər şəhərlərində də keçirilməsi nəzərdə tutulur.

növbəti xəbər əvvəlki xəbər